3 iyun – Dünya Velosiped Günü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsi və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayonunda veloyürüş təşkil olunub.
Tədbirin açılış mərasimində çıxış edən təşkilatçı qurumların nümayəndələri Dünya Velosiped Gününün əhəmiyyətindən danışaraq, velosipedin həm sağlam həyat tərzinin təşviqində, həm də ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi rolunu vurğulayıblar. Çıxışlarda iştirakçılara uğurlar arzulanıb və bu cür təşəbbüslərin cəmiyyətdə idman mədəniyyətinin formalaşmasına töhfə verdiyi qeyd olunub.
Veloyürüş Sabirabad Gənclər Evinin qarşısından start götürərək 4 kilometrlik marşrut üzrə davam edib. İştirakçılar yolboyu yüksək əhval-ruhiyyə nümayiş etdirərək hərəkəti təhlükəsizlik qaydalarına uyğun şəkildə tamamlayıblar. Yürüş Kür və Araz çaylarının qovuşduğu ərazidə başa çatıb.
Tədbirin əsas məqsədi velosiped idman növünün geniş təbliği, vətəndaşlar arasında sağlam və aktiv həyat tərzinin təşviqi, eyni zamanda ətraf mühitin qorunmasına diqqətin artırılması olub.