10.06.2026

“İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilib.

 

Tədbirlərin əsas məqsədi şagirdlərdə insan hüquq və azadlıqları barədə məlumatlılığın artırılması, insan ləyaqətinə hörmət hissinin aşılanması, hüquqi düşüncə tərzinin formalaşdırılması və humanist dəyərlərin təbliğ edilməsidir.

 

Tədbirlərdə çıxış edən müəllimlər və məktəb rəhbərləri insan hüquqlarının cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayaraq bildiriblər ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə ilk dəfə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmiş, bununla da insan hüquqlarının qorunması sahəsində mühüm hüquqi baza yaradılmışdır.

 

Şagirdlərin diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. Aylıq çərçivəsində müxtəlif maarifləndirici görüşlər, açıq dərslər, seminarlar, müzakirələr, təqdimatlar, inşa və rəsm müsabiqələri təşkil edilir.

 

Tədbirlər zamanı şagirdlərlə insan hüquqlarının mahiyyəti, hüquq və vəzifələrin qarşılıqlı əlaqəsi, bərabərlik, ədalət, tolerantlıq, qarşılıqlı hörmət və sosial məsuliyyət kimi anlayışlar ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, hüquqların qorunması yalnız dövlətin deyil, eyni zamanda hər bir vətəndaşın məsuliyyət daşıdığı ümumbəşəri dəyərdir. İnsan hüquqlarının təmin olunması cəmiyyətdə sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.


Açar sözlər: ,  ,