Sabirabad rayonunun ümumi təhsil məktəblərində təhsil alan IX sinif şagirdlərinin 2025–2026-cı tədris ili üzrə buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş növbəti müzakirə görüşü keçirilib.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Sabirabad rayonu üzrə təhsil sektorunun müdiri Mircamal Həşimov, rayonun bir qrup ümumi təhsil məktəbinin direktorları, eləcə də tədris dili, riyaziyyat və xarici dil müəllimləri iştirak ediblər.
Görüşün əsas məqsədi IX sinif buraxılış imtahanlarının nəticələrini hərtərəfli təhlil etmək, mövcud göstəriciləri dəyərləndirmək və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində həyata keçiriləcək fəaliyyətləri müəyyənləşdirmək olub.
Müzakirələr zamanı imtahan nəticələri fənlər üzrə geniş şəkildə təhlil edilib, məktəblərin nailiyyət göstəriciləri müqayisə olunub və yüksək nəticələr əldə edən fənn müəllimlərinin uğurlu təcrübələri iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, buraxılış imtahanlarının nəticələri təhsil müəssisələrində aparılan tədris prosesinin effektivliyini qiymətləndirmək baxımından mühüm göstəricilərdən biridir və bu nəticələr gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.
Görüşdə həmçinin nəticələrə təsir göstərən amillər, şagirdlərin bilik və bacarıqlarının inkişaf səviyyəsi, fənlər üzrə mövcud vəziyyət, müəllimlərin qarşılaşdığı çətinliklər və onların aradan qaldırılması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar tədris prosesində keyfiyyət göstəricilərinin artırılması, şagirdlərin imtahanlara hazırlıq səviyyəsinin daha da yüksəldilməsi və təlim nəticələrinin yaxşılaşdırılması istiqamətində təklif və tövsiyələrini səsləndiriblər.