Beyləqan rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev İrsi” adlı regional seminar təşkil olunub. Tədbir Beyləqan Rayon İcra Hakimiyyətinin, Beyləqan rayon üzrə təhsil sektorunun, Beyləqan rayonu üzrə gənclər və idman sektorunun və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinin gənc nəslə çatdırılması və milli-mənəvi dəyərlərin təşviqi olub.
Seminar çərçivəsində iştirakçılar əvvəlcə Beyləqan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ekskursiya zamanı qonaqlar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işləri əks etdirən eksponatlar, fotoşəkillər və sənədlərlə yaxından tanış olublar.
Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutduğunu vurğulayıblar. Bildirilib ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkədə hökm sürən siyasi böhranın aradan qaldırılmasına, vətəndaş qarşıdurmasının qarşısının alınmasına, dövlət müstəqilliyinin qorunmasına və sabitliyin təmin edilməsinə mühüm töhfə verib.
Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası Azərbaycanın müasir dövlət kimi formalaşmasının əsasını təşkil edib. Bu siyasi kursun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkənin beynəlxalq nüfuzunun daha da artdığı, sosial-iqtisadi inkişafın sürətləndiyi və əldə olunan nailiyyətlərin dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Tədbirin sonunda “Heydər Əliyev İrsi: Milli Maraqlarla Bəşəri Dəyərlərin Vəhdəti” adlı sənədli film nümayiş etdirilib.