Beyləqan rayonunda ümumi təhsil məktəblərinin IX sinif şagirdlərinin 2025–2026-cı tədris ili üzrə buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş növbəti müzakirə görüşü keçirilib.
Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov, rayonun bir sıra ümumi təhsil müəssisələrinin direktorları, eləcə də tədris dili, riyaziyyat və xarici dil müəllimləri iştirak ediblər.
Müzakirələr zamanı məktəblər üzrə nəticələr təqdim olunub, şagird nailiyyətlərinin müqayisəli təhlili aparılıb, fənlər üzrə mövcud vəziyyət və inkişaf potensialı dəyərləndirilib. Eyni zamanda, təlim nəticələrinin yaxşılaşdırılması, şagirdlərin akademik göstəricilərinin yüksəldilməsi və buraxılış imtahanlarına hazırlıq prosesinin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Çıxış edənlər təhsilin keyfiyyətinin artırılmasında məktəb rəhbərlərinin, müəllimlərin və valideynlərin birgə əməkdaşlığının vacibliyini vurğulayıblar. Bildirilib ki, nəticələrin mütəmadi təhlili və məlumatlara əsaslanan qərarların qəbulu təhsil müəssisələrində daha yüksək nailiyyətlərin əldə olunmasına mühüm töhfə verir.
Sonda tədrisin keyfiyyətinin yüksəldilməsi, buraxılış imtahanlarında nəticələrin daha da yaxşılaşdırılması və məktəblərdə effektiv tədris mühitinin gücləndirilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.