İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbdə ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində geniş tədbir təşkil edilib.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, şəhərsalma və memarlığın cəmiyyətin inkişafındakı mühüm rolunu əks etdirən maraqlı səhnəciklər nümayiş olunub.
Çıxış edən qonaqlar ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən, müasir şəhərsalma siyasətinin əhəmiyyətindən, milli memarlıq irsinin qorunmasının vacibliyindən danışıblar. Bildirilib ki, şəhərlərin və yaşayış məntəqələrinin planlı inkişafı, müasir infrastrukturun yaradılması və tarixi-mədəni irsin gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Tədbirin maraqlı hissələrindən biri də şagirdlərin fəal iştirakı ilə keçirilən sual-cavab mərhələsi olub. İştirakçılar şəhərsalma, memarlıq və ölkəmizdə həyata keçirilən quruculuq layihələri ilə bağlı sualları cavablandıraraq mövzu ətrafında fikir mübadiləsi aparıblar.