13.06.2026

Mil-Muğan məktəblərində “Son zəng” coşqusu: minlərlə məzun həyatın yeni mərhələsinə uğurla yola salındı

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirləri böyük təntənə və yüksək ovqatla qeyd olunub. İyunun 13-də təşkil edilən mərasimlərdə məzunlar, müəllimlər, valideynlər və təhsil ictimaiyyətinin nümayəndələri bir araya gələrək uzun illərin zəhmətinin nəticəsini birlikdə yaşayıblar.

 

Tədbirlərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Mil-Muğan RTİ-nin rəhbər heyəti – idarənin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, eləcə də struktur bölmə rəhbərləri iştirak edərək məzunları təbrik edib, onlara gələcək həyat yollarında uğurlar arzulayıblar. Çıxışlarda vurğulanıb ki, məktəb illəri təkcə bilik qazanmaq dövrü deyil, həm də şəxsiyyətin formalaşdığı, dəyərlərin möhkəmləndiyi ən mühüm mərhələdir.

 

Məktəblərdə təşkil olunan “Son zəng” mərasimləri xüsusi proqramlarla yadda qalıb. Şagirdlərin hazırladığı bədii kompozisiyalar, musiqi və rəqs nömrələri tədbirlərə emosional və bayram ab-havası qatıb. Məzunlar son məktəb günlərini həm sevinc, həm də nostalji hisslərlə qarşılayıblar.

 

Dərs ilini uğurla başa vuran şagirdlərin bir qismi müxtəlif nailiyyətlərinə görə Fəxri fərman və diplomlarla təltif olunub. Bu mükafatlar onların təhsil müddətində göstərdikləri əzmkarlığın və yüksək nəticələrin rəmzi kimi təqdim edilib.

 

Qeyd edilib ki, “Son zəng” tədbirləri hər bir ümumtəhsil məktəbinin həyətyanı sahəsində təşkil olunub. Həyətyanı sahəsi olmayan təhsil müəssisələrində isə mərasimlər məktəblərin idman və ya akt zallarında keçirilib. Bu da tədbirlərin hər bir məktəbdə mütəşəkkil və təhlükəsiz şəkildə reallaşdırılmasına imkan verib.

 

Mil-Muğan RTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2025–2026-cı tədris ilində böyük sayda şagird məzun olub. Belə ki, I sinifləri 5959, IX sinifləri 7175, XI sinifləri isə 4841 şagird başa vuraraq yeni təhsil pilləsinə və ya əmək həyatına qədəm qoyublar.

 

“Son zəng” yalnız bir dərs ilinin sonu deyil, həm də yeni arzuların, planların və böyük hədəflərin başlanğıcı kimi yadda qalıb. Məzunlar üçün çalınan son zəng sədaları onların həyatında yeni bir səhifənin açıldığını simvolizə edib.


Açar sözlər: ,  ,  ,