16.06.2026

IX sinif buraxılış imtahanlarının nəticələri müzakirə olunub

Saatlı rayonunun ümumi təhsil məktəblərində təhsil alan IX sinif şagirdlərinin 2025–2026-cı tədris ili üzrə buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş növbəti müzakirə görüşü keçirilib.

 

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova, rayonun bir qrup ümumi təhsil məktəbinin direktorları, eləcə də tədris dili, riyaziyyat və xarici dil müəllimləri iştirak ediblər.

 

Tədbirin əsas məqsədi IX sinif buraxılış imtahanlarının nəticələrini hərtərəfli təhlil etmək, mövcud göstəriciləri dəyərləndirmək və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görüləcək işləri müəyyənləşdirmək olub.

 

Müzakirələr zamanı fənlər üzrə əldə olunan nəticələr, məktəblərin göstəriciləri, şagird nailiyyətlərinə təsir edən amillər və inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Buraxılış imtahanlarının nəticələrinin təhlili əsasında mövcud vəziyyət qiymətləndirilib, uğurlu təcrübələrin tətbiqi və nəticələri nisbətən aşağı olan istiqamətlər üzrə məqsədyönlü tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

 

Çıxış edənlər tədris prosesinin səmərəliliyinin artırılması, şagirdlərin akademik nailiyyətlərinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəbdaxili monitorinq mexanizmlərinin gücləndirilməsi ilə bağlı tövsiyələrini səsləndiriblər.

 

Görüşün sonunda qarşıdakı dövrdə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, buraxılış imtahanlarında daha yüksək nəticələrin əldə olunması və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində aidiyyəti tərəflərin birgə fəaliyyətinin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.


Açar sözlər: ,  ,  ,