İmişli rayonunda ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, tərbiyə işinin daha səmərəli təşkili və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə aparılan monitorinqlərin nəticələri geniş tərkibli görüşdə müzakirə edilib.
Görüşdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Prokuroru Valeh Səmədov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev və rayonun ümumtəhsil müəssisələrinin direktorları iştirak ediblər.
Tədbirdə çıxış edən Elçin Rzayev təhsilin cəmiyyətin inkişafında həlledici rol oynadığını vurğulayaraq, məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, davamiyyət və nizam-intizamın gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, aparılan monitorinqlər məktəblərdə mövcud vəziyyətin obyektiv qiymətləndirilməsinə, problemlərin vaxtında müəyyənləşdirilməsinə və onların aradan qaldırılması üçün effektiv tədbirlərin görülməsinə imkan yaradır. Rayon rəhbəri təhsil müəssisələrinin rəhbərlərini bu sahədə məsuliyyətli fəaliyyət göstərməyə çağırıb.
İmişli Rayon Prokuroru Valeh Səmədov isə çıxışında təhsil müəssisələrində qanunçuluq prinsiplərinə riayət edilməsinin vacibliyini diqqətə çatdırıb. O, müəllim-şagird və müəllim-valideyn münasibətlərində qarşılıqlı hörmət, etik davranış və məsuliyyət mədəniyyətinin qorunmasının sağlam təhsil mühitinin formalaşmasında mühüm rol oynadığını bildirib.
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili çıxışında monitorinq nəticələrinin müzakirəsinin məktəblərin fəaliyyətinin təhlili və təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, tədrisin keyfiyyətinin yüksəldilməsi və tərbiyə işinin effektiv təşkili istiqamətində həyata keçirilən tədbirlərin təhsil sisteminin inkişafına töhfə verdiyini vurğulayıb. Bəhruz Nəbili, həmçinin, tədbirin təşkilinə görə İmişli Rayon İcra Hakimiyyətinə təşəkkür edərək, təhsil sahəsində əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüş zamanı məktəblərdə təlim-tərbiyə prosesinin daha da təkmilləşdirilməsi, müasir yanaşmaların tətbiqi və şagirdlərin hərtərəfli inkişafına xidmət edən mühitin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.