Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan konfransda Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Sabirabad rayonu üzrə təhsil sektorunun müdiri Mircamal Həşimov, sektorun əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, ictimaiyyət nümayəndələri, ümumi təhsil müəssisələrinin rəhbərləri, direktor müavinləri və qabaqcıl müəllimlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, yeni tədris ilində qarşıda duran əsas vəzifələrdən bəhs edərək təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və tədris prosesinin daha səmərəli təşkili istiqamətində həyata keçiriləcək tədbirləri diqqətə çatdırıb. Rabil Şahbazov məktəb rəhbərlərinin idarəetmə fəaliyyətinin gücləndirilməsinin, müəllim-şagird münasibətlərinin sağlam pedaqoji prinsiplər əsasında qurulmasının və məktəblərdə əlverişli təhsil mühitinin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Daha sonra Sabirabad rayonu üzrə təhsil sektorunun müdiri Mircamal Həşimov 2025–2026-cı tədris ilinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. O, ötən tədris ilində müxtəlif istiqamətlər üzrə görülmüş işlər, əldə olunmuş nəticələr və mövcud çatışmazlıqlar barədə ətraflı məlumat verib. Məruzədə yeni tədris ilində qarşıya qoyulan prioritet hədəflər, təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlər, eləcə də məktəb rəhbərlərinin məsuliyyətinin artırılmasının əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, məktəbdaxili qiymətləndirmənin şəffaf və obyektiv aparılması, idarəetmə və tədris fəaliyyətinin konkret və ölçülə bilən nəticələr üzərində qurulması əsas istiqamətlərdən biri olacaq. Vurğulanıb ki, 2026–2027-ci tədris ilində başlıca məqsəd mövcud çətinliklərin aradan qaldırılması, rayon üzrə təhsilin keyfiyyətinin daha da yüksəldilməsi və bütün təhsil müəssisələrində inkişafyönümlü, effektiv təhsil mühitinin yaradılmasıdır.
Konfrans çərçivəsində rayonun təhsil göstəriciləri əvvəlki illərlə müqayisəli şəkildə təhlil olunub. Yüksək və aşağı nəticə göstərən məktəblər müəyyənləşdirilib, mövcud problemlərin səbəbləri müzakirə edilərək nəticələrin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.
Çıxışlarda məktəblərdə aparılan özünüqiymətləndirmə və SWOT təhlillərinin nəticələrinin fəaliyyət planlarının hazırlanmasında əsas götürülməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin dərs müşahidələrinin və məktəbdaxili qiymətləndirmə proseslərinin daha səmərəli təşkili, akademik göstəriciləri aşağı olan şagirdlərlə sistemli işin aparılması, müəllimlər arasında qabaqcıl təcrübənin paylaşılması və metodiki dəstəyin gücləndirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə IV və VI siniflər üzrə keçirilmiş monitorinqlərin, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri müqayisəli təhlil olunaraq təqdim edilib. Rayon üzrə təhsil nəticələrinin inkişaf dinamikası, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti, məktəbəqədər təhsilə cəlbetmə səviyyəsi və bu sahədə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.