Panel müzakirələrində Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev, sektor əməkdaşları, ümumi təhsil müəssisələrinin direktor və müavinləri, fənn müəllimləri, məktəb psixoloqları, uşaq birliyi təşkilatı rəhbərləri, təşkilatçılar, kitabxanaçılar, metodistlər və moderatorlar iştirak ediblər.
Müzakirələr zamanı tədrisin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və məktəblərdə səmərəli təhsil mühitinin formalaşdırılması istiqamətində aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Panel sessiyalarında şagirdlərin oxu, yazı, riyazi və məntiqi düşünmə bacarıqları üzrə nəticələrinin yaxşılaşdırılması, formativ qiymətləndirmənin tətbiqi, dərs planlaması, diferensial tədrisin təşkili və zəif nəticə göstərən şagirdlərlə işin gücləndirilməsi müzakirə olunub. Həmçinin kommunikativ və interaktiv tədris metodlarından istifadə, kompüter və rəqəmsal resursların tədris prosesinə inteqrasiyası, təcrübə, müşahidə və laboratoriya işlərinin təşkili, eləcə də fənlərarası inteqrasiyanın genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Bununla yanaşı, şagirdlərin fiziki hazırlıq səviyyəsinin qiymətləndirilməsi, sağlamlıq imkanlarına uyğun diferensial yanaşmanın tətbiqi, sağlam həyat tərzinin təşviqi, ilkin tibbi yardım bacarıqlarının aşılanması, mülki müdafiə və fövqəladə hallarda davranış qaydalarının öyrədilməsi məsələləri də diqqət mərkəzində olub.
Müzakirələrdə istedadlı və xüsusi marağı olan şagirdlərin müəyyənləşdirilməsi, onların potensialının inkişaf etdirilməsi məqsədilə sərgilərin, təqdimatların, müsabiqələrin və digər yaradıcılıq tədbirlərinin təşkili, eləcə də sağlam və öyrədici məktəb mühitinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda risk qrupuna daxil olan şagirdlərin erkən mərhələdə müəyyən edilməsi, müəllim–şagird–valideyn əməkdaşlığının gücləndirilməsi, zorakılıq, bullinq və münaqişələrin profilaktikası, məktəblərdə oxu klublarının fəaliyyətinin genişləndirilməsi, kitabxana resurslarından istifadənin artırılması və məktəbdənkənar müəssisələrin fəaliyyətinin məktəb mühitinə inteqrasiyası istiqamətində konkret metodiki tədbirlər müəyyənləşdirilib.
Tədbirdə regionun ümumi təhsil müəssisələrinin ötən tədris ili üzrə nəticələri təhlil olunub, mövcud problemlər və onların həlli yolları ətrafında müzakirələr aparılıb. Həmçinin növbəti tədris ili üçün fəaliyyət planının hazırlanmasına dair təklif və tövsiyələr dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.