Mil-Muğan Regional Təhsil İdarəsində tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim nəticələrinin yaxşılaşdırılması və təhsil müəssisələrində tədris prosesinin səmərəliliyinin artırılması məqsədilə görüşlərə başlanılıb.
Görüşlərin ilk mərhələsi Sabirabad rayonunda keçirilib. Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Sabirabad rayon təhsil sektorunun müdiri Mircamal Həşimov və rayonun təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüşün məqsədi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 2026-2027-ci tədris ili üzrə təsdiq edilmiş keyfiyyət fəaliyyət planının icra vəziyyətini müzakirə etmək, təhsil müəssisələrində tədrisin keyfiyyətini təhlil etmək, mövcud vəziyyəti qiymətləndirmək və müəyyən edilmiş strateji hədəflərə nail olunması istiqamətində görülən işləri daha da təkmilləşdirmək olub.
Müzakirələr zamanı tədrisin keyfiyyətinə təsir göstərən əsas amillər, məktəbdaxili fəaliyyətin səmərəli təşkili, müasir təlim metodlarının tətbiqi və müəllimlərin peşəkar inkişafının dəstəklənməsi məsələləri diqqət mərkəzində saxlanılıb. Bildirilib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi sistemli yanaşma, mütəmadi təhlil, nəticəyönümlü fəaliyyət və təhsil prosesinin bütün iştirakçılarının birgə səylərini tələb edir.
Görüşdə fənn müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin fərdi bacarıq və potensialının üzə çıxarılması, onların təlimə maraq və motivasiyasının gücləndirilməsi, innovativ texnologiyalardan məqsədyönlü istifadə və təlim nəticələrinin qiymətləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətlərdə məktəb rəhbərlərinin üzərinə düşən vəzifələr, tədris prosesinin təşkili zamanı qarşıya çıxan məsələlər və onların həlli yolları müzakirə olunub.
Həmçinin 4-cü, 6-cı və 9-cu siniflər üzrə ötən tədris ilinin nəticələri təhlil edilib. Müvafiq siniflər üzrə şagirdlərin bilik və bacarıq səviyyəsi, əldə olunan nailiyyətlər və təkmilləşdirilməsinə ehtiyac duyulan istiqamətlər nəzərdən keçirilib. Təhlillər əsasında təlim nəticələrinin yaxşılaşdırılması, şagirdlərin mənimsəmə səviyyəsinin yüksəldilməsi və aşkar edilən çətinliklərin aradan qaldırılması üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Tədrisin keyfiyyətinin yüksəldilməsində dərsdinləmələrin rolu da xüsusi qeyd olunub. Dərsdinləmələrin qüvvədə olan qaydalara uyğun, sistemli və məqsədyönlü şəkildə təşkili, dərs müşahidələri zamanı əldə edilən nəticələrin obyektiv təhlili və müəllimlərə müvafiq metodiki dəstəyin göstərilməsi vacib istiqamətlər kimi diqqətə çatdırılıb. Qeyd edilib ki, dərs müşahidələrinin əsas məqsədi yalnız mövcud vəziyyəti qiymətləndirmək deyil, eyni zamanda tədris prosesinin təkmilləşdirilməsinə, müəllimlərin inkişafına və şagirdlərin daha yaxşı nəticələr əldə etməsinə dəstək verməkdir.
Bununla yanaşı, təhsil müəssisələrində vətəndaş müraciətlərinə həssas və məsuliyyətli yanaşılması, müraciətlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması, vətəndaş qəbullarının müəyyən edilmiş qaydada təşkili və müraciətlərin vaxtında cavablandırılması məsələləri də diqqətə çatdırılıb.
Görüşün sonunda təhsil müəssisələrinin rəhbərlərinə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətin davamlılığının təmin edilməsi, müəyyən edilmiş hədəflər üzrə işlərin sistemli şəkildə həyata keçirilməsi və nəticələrin mütəmadi təhlili ilə bağlı tapşırıqlar verilib.