26.10.2026

İmişlidə təbii qazdan təhlükəsiz istifadə ilə bağlı maarifləndirici görüş keçirilib

İmişli rayonunun ümumi təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə təbii qazdan istifadə zamanı baş verə biləcək bədbəxt hadisələrin, xüsusilə də dəm qazından zəhərlənmə hallarının qarşısının alınması məqsədilə maarifləndirici görüş keçirilib.

 

Görüşdə İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev və Salyan Regional Qaz İstismarı İdarəsinin İmişli rayon xidmət sahəsinin rəis müavini Səhhət Seyfullayev iştirak ediblər.

 

Görüş zamanı dəm qazından zəhərlənmə hallarının insan həyatı və sağlamlığı üçün yaratdığı ciddi təhlükələr, bu cür hadisələrin qarşısının alınması yolları, təbii qazdan təhlükəsiz istifadə qaydaları və təhsil müəssisələrində maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub.

 

Çıxışlarda vurğulanıb ki, dəm qazından zəhərlənmə hallarının qarşısının alınmasında təhlükəsizlik qaydalarına əməl edilməsi, qaz avadanlıqlarının düzgün istismarı və mütəmadi yoxlanılması mühüm əhəmiyyət daşıyır. Xüsusilə soyuq aylarda istilik məqsədilə qaz cihazlarından istifadə zamanı diqqətli olmaq, yaşayış və digər qapalı məkanlarda havalandırmanı təmin etmək, tüstü bacalarının və havalandırma sistemlərinin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək vacibdir.

 

Görüşdə ümumi təhsil müəssisələrinin rəhbərlərinə təbii qazdan təhlükəsiz istifadə, qaz sızması zamanı görülməli tədbirlər, dəm qazının yaranma səbəbləri və onun insan orqanizminə təsiri barədə müəllim və şagirdlər arasında mütəmadi maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, şagirdlərdə erkən yaşlardan təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, onların mümkün risklər barədə məlumatlandırılması və fövqəladə vəziyyətlərdə düzgün davranış vərdişlərinin aşılanması bu istiqamətdə görülən işlərin əsas tərkib hissəsidir.

 

Eyni zamanda, təhsil müəssisələrində təhlükəsizlik qaydalarına əməl olunmasına diqqətin artırılması, aidiyyəti qurumlarla əməkdaşlığın gücləndirilməsi və maarifləndirici tədbirlərin davamlı təşkili məsələləri vurğulanıb.


Açar sözlər: ,  ,  ,