26.10.2026

Tərbiyəçi-müəllimləri üçün sertifikatlaşdırmaya dair görüşlər keçirilib

Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri üçün sertifikatlaşdırma prosesinə hazırlığın dəstəklənməsi və maarifləndirmə məqsədilə görüşlər keçirilib.

 

Görüşlərdə Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları Mirhəmid Bağırov və Ceyhun Əsədov iştirak edərək sertifikatlaşdırma prosesinin əsas mərhələləri, qiymətləndirmə çərçivəsi, test tapşırıqlarının sayı, bölmələr və əhatə olunan mövzular barədə ətraflı məlumat veriblər. İştirakçıların diqqətinə çatdırılıb ki, sertifikatlaşdırma təhsilverənlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi, onların fəaliyyətinin inkişaf etdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Maarifləndirici görüşlər zamanı tərbiyəçi-müəllimlərin proseslə bağlı sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, sertifikatlaşdırmanın məzmunu, hazırlıq prosesi zamanı diqqət yetirilməli məqamlar və təhsilverənlərə göstərilə biləcək əlavə dəstək imkanları müzakirə olunub.

 

Görüşlərdə sertifikatlaşdırmanın təhsilverənlərin peşəkar fəaliyyətinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının inkişafına, eləcə də karyera perspektivlərinin genişlənməsinə təsiri diqqətə çatdırılıb. Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin davamlı peşəkar inkişafı uşaqların keyfiyyətli təhsillə əhatə olunması, onların yaş xüsusiyyətlərinə uyğun inkişafının dəstəklənməsi və təlim-tərbiyə prosesinin daha səmərəli təşkili baxımından xüsusi əhəmiyyət kəsb edir.

 

İnteraktiv müzakirələr şəraitində keçən görüşlər tərbiyəçi-müəllimlərin sertifikatlaşdırma prosesi barədə məlumatlılığının artırılması, onların suallarının cavablandırılması və hazırlıq mərhələsində qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına dəstək göstərilməsi baxımından faydalı olub.


Açar sözlər: ,