16.11.2026

Eksternat qaydada keçiriləcək imtahanda iştirak etmək istəyənlərin nəzərinə!

Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 16 noyabr 2026-cı il tarixindən 18 dekabr 2026-cı il tarixinədək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcək.

 

Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış və ya hazırda Mil-Muğan bölgəsində qeydiyyatda olan ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər.

 

İmtahanda iştirak etmək istəyən şəxs aşağıdakı tələb olunan sənədləri Mil-Muğan Regional Təhsil İdarəsinin müvafiq rayonları üzrə təhsil sektorlarına təqdim etməlidirlər:

 

Regional Təhsil İdarəsinin müdirinin adına ünvanlanmış ərizə (eksternat qaydada keçirilən aralıq imtahanında iştirak etmək üçün);

Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;

Fotoşəkil (3x4 ölçüdə - 2 ədəd);

Yaşayış yerindən arayış;

Əvvəllər təhsil aldığı müəssisədən əldə etdiyi təhsildən yayınma səbəbi və tədris ili (neçənci sinfi nə vaxt bitirməsi) göstərilmiş arayışın surəti;

Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notariat qaydasında təsdiq olunmuş surəti;

Hərbi biletin surəti (əgər varsa).

 

Müraciət edən şəxslərin yaşı ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün isə 18-dən aşağı olmamalıdır.

 

Xüsusi qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi halda eksternat qaydasında imtahanlarda iştirak barədə müraciət qəbul olunmayacaqdır.

 

İmtahanın keçiriləcəyi yer və tarix barədə əlavə məlumat veriləcəkdir.


Açar sözlər: ,  ,