28.09.2017

Fəxrlə deyə bilirəm ki, "Mən müəlliməm"

2017-ci il Müəllimlərin İşə Qəbul imtahanı vasitəsilə Sabirabad rayon ümumtəhsil məktəblərinə 300-dək müəllim işə qəbul olub. Gülər Əmraslanova da 53 bal toplayaraq vakansiya seçimi zamanı Sabirabad rayon Əhmədabad kənd tam orta məktəbini seçib. Gülər müəllimlə müsahibəni təqdim edirik:

- Gülər müəllim ilk öncə öz haqqınızda məlumat verin.

- Mən 2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib pedaqoji fəaliyyətə başlamışam. Fəaliyyətə başladığım Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonunun Dördlər kənd tam orta məktəbi ucqar dağ kəndi idi. Bu kənddə istilik sistemi odun sobasindan ibarət idi. Odun sobasını yandırmağı da oyrəndik sonunda. Qarlı havalarda həyat sanki dayanırdı, gediş-gəliş kəsilirdi. Sonra iş yerimi daha yaxına - Qobustan rayon Təklə Mirzəbaba kəndinə dəyişdim. Daha sonra Müəllimlərin İşə Qəbul imtahanında iştirak edərək Sabirabad rayon Əhmədabad kənd tam orta məktəbində fəaliyyətə başladım.

- Müəllimlik peşəsini seçmənizin səbəbi nədir? Bu peşəni Sizə sevdirən hansı səbəblərdir?

- Uşaq vaxtı məndən soruşulanda ki, "Böyüyəndə kim olmaq istəyirsən?" hər zaman tək bir cavabım olub: "müəllim". Bu peşəyə marağım lap uşaqlıqdan yaranıb. Anam hər zaman müəllimlərə hörmət etməyi bizə öyrədərdi. Dünyada şəxsiyyət yetişdirmək qədər qürurverici ikinci  peşə tanımıram. Bu səbəbdən müəllim peşəsini sevib seçmişəm.

- Nə üçün məhz Azərbaycan dili və ədəbiyyat müəllimliyini seçdiniz?

Azərbaycan dilinin gözəlliyi, incəliyi və nəğməli olması hər kəsə məlumdur. Ana dilimi hər kəs kimi mən də sevirəm. Orta təhsilimi bir neçə məktəbdə aldığım üçün xeyli sayda müəllim tanımışam. Xüsusilə də Azərbaycan dili və Ədəbiyyat müəllimi barəsində bəxtim gətirdiyini minnətdarlıqla qeyd etmək istəyirəm. Hər müəllimdən bir özəllik, bacarıq "oğurladım". Gözəl şeir deməyi, təhlil aparmağı, gözəl inşa yazmağı onlardan öyrəndim. Bir sözlə bu fənnlər haqqında bütün incəlikləri öyrənməyə müvəffəq oldum.

Şagirdlərin biliklərə yiyələnməsində, fənnləri sevməsində ailənin, xüsusilə də ananın rolu böyükdür. Anam hər zaman bədii kitablar oxuyardı və mənim ədəbiyyat sevgimin qaynağı da o olub.

- Ucqar kənd məktəbində, Sizə tamamilə yad olan insanların əhatəsində və mühitdə işləmək  hansı təəssüratlarınızın yaranmasına səbəb olub?

- Bundan öncə də kənd məktəbində işlədyim üçün kənd mühitinə artıq alışmışam. Ahısqa türklərinin yaşadığı bu kənddə sakinlər ilk gündən mənə isti münasibət göstərib. Birlikdə yaşadığım ailə də mənə öz övladları kimi davranır. Onların adət və ənənələrini də öyrənmək imkanı qazanmışam.

Şagirdlər də yeni gəlmiş müəllimi maraqla qarşılayır. Artıq onları ələ alıb öz fənnimi sevdirməyə başlamışam. Şagirdin dünyagörüşünün formalaşması, milli-mənəvi dəyərlərə yiyələnməsində müəllimin rolu əvəzsizdir. Şagirdlərimlə lazım gəldikdə ciddi müəllim, bəzən isə onların bütün problemlərini dinləyib yol göstərən dost oluram. Onların sevgisi, təbəssümü bütün çətinlikləri unutdurmağa kifayət edir.

- Müəllim-şagird münasibətlərinin düzgün qurulmasında hansı amilə daha çox diqqət edirsiz?

- Müəllim pedaqoq olmaqla yanaşı, həm də müəyyən mənada bir psixoloqdur. Müəllimlər dərs dediyi şagirdlərin psixologiyasına ən azı valideynlər qədər bələd olurlar. Hər gün öz şagirdləri ilə ünsiyyətdə olan müəllim artıq hər bir şagirdinin ayrı-ayrılıqda nəyə qadir, hansı psixologiyaya, hansı düşüncəyə malik olduğunu, müxtəlif hadisələrə necə yanaşdığını, reaksiya verdiyini və həmin hadisəni necə analiz etdiyini bilməlidir. Belə ki, sinfə nəzarət etmək üçün müəllim bütün şagirdlərin fərdi xüsusiyyətlərinə bələd olmalı, onların daha çox nəyə ehtiyacları olduğunu anlamalıdır.

- Yeni müəllim adını qazanmış gənc müəllimlərə hansı tövsiyələri vermək istərdiniz?

- Gənc müəllimlərə tövsiyəm ucqar kənd məktəblərində işləməkdən çəkinməsinlər. Çünki bəzən həmin ucqar kənddəki uşaqların tək ümid yeri biz müəllimlər oluruq. Yaxşı təhsil almaq, bilikli və savadlı olmaq onların da haqqıdır. Doğurdan da fəxrlə deyə bilirəm ki, "Mən müəlliməm"


Açar sözlər: ,