25.05.2024

Xanım Allahyarova: “Hədəfimiz şagirdlərimizin təlim zamanı əldə etdikləri bilik və bacarıqları daha səmərəli yollarla öyrənməsinə nail olmaqdır.”

-Xanım Allahyarova, özünüz haqqında məlumat verməyinizi xahiş edirik. 

Mən, Allahyarova Xanım Sərraf qızı Bakı Qızlar Universitetinin ibtidai sinif müəllimi ixtisası üzrə bitirmişəm. Hazırda Saatlı rayonu Qaracalar kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətimi davam etdirirəm. 2023-ci ildə sertifikasiya imtahanında iştirak edərək, 56 bal toplamışam. İşlədiyim müddət ərzində peşəkarlığımı artırmaq üçün yaradılmış imkanlardan yararlanaraq müxtəlif təlimlərdə iştirak etmişəm.

 

-Bildiyimiz qədər bu yaxınlarda qardaş Türkiyədə “Təlimdə oyun tətbiqi” layihəsində iştirak etmisiniz. Bu barədə nə deyərdiniz?

Qeyd edim ki, 06-10 may 2024-cü il tarixlərində Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən (TİKA) “Təlimdə oyun tətbiqi” (Oyun əsaslı öyrənmə) layihə həyata keçirildi. Ölkəmizin ümumi təhsil müəssisələrindən seçilmiş və layihədə iştirak edən 9 nəfərdən biri də mən oldum.

 

Fürsətdən istifadə edib, mənə göstərilən etimada görə Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm.

 

Bildirim ki, layihə Türkiyə, Azərbaycan və Türkmənistan dövlətləri arasında 2023-2025-ci illər üçün elm, təhsil və mədəniyyət sahəsində imzalanmış proqram əsasında planlaşdırılmış milli uşaq oyunlarına əsaslanan “Təlimdə oyunun tətbiqi” təlimi ortaq mədəniyyətə malik böyük Türk coğrafiyasının əlaqələrini gücləndirməyə və unudulan oyunları təlim zamanı tətbiq etməyə xidmət edir.

 

-Bəs “Təlimdə oyun tətbiqi” layihəsinin məqəsdi nədir və uşaqlar üçün hansı faydası var?

Təlimin məqsədi uşaqların idraki, psixomotor, affektiv, sosial və mədəni inkişaflarının ən önəmli hissəsi olan məktəb həyatında, dərs mühitində uşaq oyunlarından istifadə etməklə təlimi canlandırmaqdır.

Sosial şəbəkələrin çoxaldığı və internet istifadəsində nəzarətin çətin olduğu bir vaxtda ənənəvi oyunlara maraq yaratmaqla uşaqların həm dərs zamanı, həm də dərsdənkənar fəaliyyətlərində bu vasitə ilə fikirlərini cəmləməyə, mənfi vərdişlərdən uzaqlaşmağa və tariximizi, mədəniyyətimizi yaşatmaq kimi məqsədlər daşıyır.

 

-Sizin üçün təlimdən daha çox yadda qalan məqamlar nə oldu?

Təlim müddətində iştirakçılara isinmə-salamlaşma ilə bağlı çartlak-partlak, xanım ağa, pərdə, hislərini ifadə etmək üçün pantomim, doğaclama, fiziki aktivliyi artırmaq üçün hərəkətli tombik, dəsmal almaq, yuxarı yaş qrupu üçün doqquz daş, manqala, ip dartma və s. kimi idraki inkişaf etdirən oyunlar öyrədildi və praktik olaraq tətbiq edildi. Bunlar mənim üçün yeni olduğuna görə ən yadda qalan məqamlar oldu.

 

-Təlimdə öyrəndiklərinizin tətbiqi ilə bağlı nə düşünürsünüz?

Bundan sonra hədəfimiz təlim zamanı öyrəndiklərimizi regionumuzun müəllimləri arasında paylaşmaq üçün bu istiqamətdə müvafiq fənn müəllimləri ilə təlimlər təşkil etməkdir. Nəticədə həmin müəllimlər vasitəsilə ümumi təhsil müəssisələrimizdə şagirdlərimizin təlim zamanı əldə etdikləri bilik və bacarıqları daha səmərəli yollarla öyrənməsinə nail olmaqdır.

 

Ümid edirəm ki, təlimlərdə iştirak edən müəllimlərimiz öyrəndikləri yeni üsul və vasitələri dərs prosesində tətbiq etdikdə, onun səmərəsnin şahidi olacaqlar.


Açar sözlər: ,  ,