04.09.2026

Metodistlərlə görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində seçilərək Mil-Muğan Regional Təhsil İdarəsi üzrə fəaliyyətə cəlb olunmuş metodistlərlə görüş keçirib.

 

Görüşün məqsədi metodistlərin qarşısında duran vəzifələrin, fəaliyyət istiqamətlərinin və yeni tədris ilində həyata keçiriləcək işlərin müzakirə olunması, eləcə də onların fəaliyyətinin təşkili ilə bağlı məsələlərin nəzərdən keçirilməsi olub.

 

Bəhruz Nəbili müasir təhsil mühitində metodistlərin rolunun əhəmiyyətindən danışıb. Qeyd edib ki, metodistlərin fəaliyyəti yalnız müəllimlərə metodiki dəstək göstərməklə məhdudlaşmamalı, eyni zamanda tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, innovativ və qabaqcıl təcrübələrin öyrənilməsi və geniş tətbiqinin təşviqi istiqamətində sistemli fəaliyyətlə müşayiət olunmalıdır.

 

O, bildirib ki, təhsildə keyfiyyət göstəricilərinin artırılması, müasir təlim metodlarının tətbiqi və müəllimlərin peşəkar potensialının inkişaf etdirilməsi istiqamətində metodistlərin üzərinə mühüm vəzifələr düşür. Onların təhsil müəssisələri ilə sıx əməkdaşlığı və müəllimlərə göstərdikləri metodiki dəstək tədrisin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.

 

Bildirilib ki, Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Müasir metodist” layihəsi metodiki xidmətin daha səmərəli təşkili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və tədris prosesinin keyfiyyətinin artırılması məqsədi daşıyır. Layihə çərçivəsində fəaliyyət göstərən metodistlərin əsas istiqamətlərindən biri ümumi təhsil müəssisələrində tədris prosesinin birbaşa müşahidəsi və metodiki təhlilinin aparılmasıdır.

Qeyd olunub ki, bu istiqamətdə metodistlər tərəfindən məktəblərdə dərslərin dinlənilməsi, təlim prosesinin metodiki baxımdan təhlil edilməsi, müəllimlərə fərdi və peşəkar inkişaflarını dəstəkləyəcək tövsiyələrin verilməsi, eləcə də müəyyən edilmiş ehtiyaclara uyğun metodiki dəstəyin göstərilməsi nəzərdə tutulur. Həmçinin əldə olunan nəticələrin təhlili əsasında müəllimlərin peşəkar inkişafına yönəlmiş fəaliyyətlərin planlaşdırılması və həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq.

 

Müzakirələr zamanı metodistlərin məktəblərdə fəaliyyətinin təşkili, müəllimlərlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətlərinin qurulması, dərs müşahidələrinin sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsi, müşahidə nəticələrinin təhlili və tədris prosesinin təkmilləşdirilməsinə xidmət edən metodiki yanaşmaların tətbiqi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

İştirakçılar yeni tədris ilində qarşıda duran prioritet istiqamətlər, məktəblərdə metodiki xidmətin gücləndirilməsi və müəllimlərin peşəkar inkişafının dəstəklənməsi ilə bağlı təkliflərini səsləndiriblər.


Açar sözlər: ,  ,