03.09.2026

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsi davam edir

Müsahibələr ilkin mərhələdə şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrində direktor vəzifəsi üzrə vakant yerlərə namizədlər arasında keçirilir.

 

Müsahibə mərhələsinə namizədlərin dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq prinsipi əsasında həyata keçirilir. Dəvət prosesi vakant vəzifəyə uyğun namizəd müəyyən edilənədək davam etdirilir.

 

Müsahibə zamanı namizədlərin direktor vəzifəsi üçün zəruri olan idarəetmə, pedaqoji və şəxsi keyfiyyətləri komissiya tərəfindən hərtərəfli qiymətləndirilir.

 

Namizədlərin bilik və bacarıqları aşağıdakı 7 əsas meyar üzrə dəyərləndirilir:

liderlik və strateji idarəetmə;

pedaqoji və tədris;

idarəçilik və təşkilatçılıq;

ünsiyyət və əlaqə;

problemlərin həlli və qərarvermə;

rəqəmsal və texnoloji;

sosial və emosional bacarıqlar.

 

Bu meyarlar namizədlərin yalnız nəzəri biliklərinin deyil, eyni zamanda məktəb idarəçiliyində qarşıya çıxan müxtəlif situasiyalarda düzgün qərar qəbul etmək, komanda ilə işləmək, səmərəli ünsiyyət qurmaq, innovativ yanaşmalardan istifadə etmək və sağlam məktəb mühiti formalaşdırmaq bacarıqlarının qiymətləndirilməsinə imkan yaradır.

 

Müsahibə mərhələsinə dəvət olunan namizədlərə bununla bağlı məlumatlar mərhələli şəkildə onların şəxsi kabinetlərinə göndərilir. Bu səbəbdən namizədlərə şəxsi kabinetlərini mütəmadi olaraq izləmələri və müsahibə ilə bağlı məlumatları vaxtında nəzərdən keçirmələri tövsiyə olunur.


Açar sözlər: ,  ,  ,