01.09.2026

Beyləqan və Saatlıda sentyabr konfranslarının ikinci günündə panel müzakirələri keçirilib

Saatlı rayonunda keçirilən panel müzakirələrində Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, İnzibati təşkilat sektorunun müdiri Feyzulla Aslanov, həmçinin təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və fənn moderatorları iştirak ediblər.

 

Fənlər üzrə təşkil olunan sessiyalarda təlim prosesinin daha səmərəli qurulması və hər bir şagirdin potensialının üzə çıxarılması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə şagirdlərin oxuyub-anlama və nitq bacarıqlarının inkişafında mütaliənin rolu, tədris zamanı yol verilən tipik səhvlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması yolları diqqət mərkəzində olub.

 

Müəllimlərin, şagirdlərin mövcud bilik və bacarıqlarını düzgün müəyyənləşdirməsi üçün diaqnostik tapşırıqlardan səmərəli istifadə etməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, dərsin məqsədyönlü planlaşdırılması, şagirdlərin fərdi xüsusiyyətləri və öyrənmə ehtiyacları nəzərə alınmaqla diferensial tədrisin təşkili, təlim nəticələri aşağı olan şagirdlərlə məqsədyönlü və sistemli işin aparılması istiqamətində tövsiyələr verilib.

 

Müzakirələr zamanı qeyd olunub ki, təlim nəticələrinin yüksəldilməsi yalnız qiymətləndirmə nəticələrinin təhlili ilə məhdudlaşmamalı, əldə olunan nəticələr müəllim üçün növbəti addımların müəyyənləşdirilməsinə xidmət etməlidir. Bu baxımdan şagirdlərin zəif tərəflərinin vaxtında müəyyənləşdirilməsi, fərdi yanaşmanın tətbiqi və nəticəyönümlü tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Panel müzakirələri daha çox qarşılıqlı fikir mübadiləsi formatında təşkil olunub. İştirakçıların sualları, fikir və təklifləri dinlənilib, məktəblərdə tədris prosesinin təşkili zamanı qarşıya çıxan məsələlər müzakirə edilib və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.

 

Həmçinin fənn moderatorlarına sessiyaların təşkili, işçi qruplar üzrə gözlənilən nəticələrin müəyyənləşdirilməsi, qarşıya qoyulacaq hədəflərin dəqiq ifadə olunması və həmin hədəflərə nail olmaq üçün həyata keçiriləcək tədbirlərin planlaşdırılması ilə bağlı ətraflı məlumat verilib.

 

Sessiyalarda yalnız mövcud vəziyyətin müzakirəsi ilə kifayətlənilməyib, yeni tədris ili üçün konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilib. Təhsil prosesində əldə olunan müsbət nəticələrin davamlılığının təmin edilməsi, mövcud çətinliklərin aradan qaldırılması və müəllimlər arasında təcrübə mübadiləsinin gücləndirilməsi əsas prioritetlər sırasında qeyd olunub.


Açar sözlər: ,  ,  ,  ,