Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 2025–2026-cı tədris ilini xüsusi nailiyyətlərlə başa vuran məzunlardan 2 nəfər qızıl, 2 nəfər isə gümüş nişana layiq görülüb. Bu münasibətlə Mil-Muğan RTİ-nin müdiri Bəhruz Nəbili qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş keçirib.
Görüşdə Saatlı və Sabirabad rayonları üzrə təhsil sektorlarının müdirləri, məzunların təhsil aldığı məktəblərin direktorları, onların uğurlarında xüsusi əməyi olan müəllimlər və valideynlər iştirak ediblər.
Görüş zamanı məzunların təhsil həyatında əldə etdikləri yüksək nəticələr, bu nailiyyətlərin formalaşmasında müəllim və valideynlərin rolu, eləcə də gənclərin gələcək təhsil və karyera hədəfləri barədə fikir mübadiləsi aparılıb.
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili məzunları qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edib. İdarə müdiri qeyd edib ki, qızıl və gümüş nişanla təltif olunmaq məzunların illər ərzində göstərdikləri əzmkarlığın, məqsədyönlü fəaliyyətin və davamlı əməyin nəticəsidir. O, bu uğurun eyni zamanda məzunların təhsil aldığı məktəblərin pedaqoji kollektivlərinin və valideynlərin birgə səylərinin göstəricisi olduğunu vurğulayıb.
Bəhruz Nəbili məzunlara qarşıdakı təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb, onların əldə etdikləri nailiyyətləri yeni hədəflər üçün möhkəm başlanğıc kimi dəyərləndirib. Gənclərə seçdikləri istiqamətdə inamla irəliləmələri, bilik və bacarıqlarını daim inkişaf etdirmələri tövsiyə olunub.
Səmimi söhbət şəraitində davam edən görüşdə məzunlar da öz təhsil həyatları, qazandıqları uğurlar və gələcəklə bağlı planlarından danışıblar. Onlar əldə etdikləri nəticənin qarşıya qoyulan məqsədə inamla və ardıcıl şəkildə çalışmaqla mümkün olduğunu qeyd edib, bundan sonrakı mərhələdə də yüksək nəticələr əldə etmək üçün səylə çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunan məzunlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir və Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilir.