Təhsil ocaqlarında keçirilən tədbirlərdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, struktur bölmə rəhbərləri, rayon icra hakimiyyətlərinin nümayəndələri, ziyalılar, məktəb rəhbərləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Məktəblərin həyətində keçirilən tədbirlər yeni tədris ilinin yaratdığı xoş ovqat və böyük sevinc hissi ilə yadda qalıb. Xüsusilə məktəb həyatına ilk dəfə qədəm qoyan birincilərin həyəcanı və sevinci tədbirlərə xüsusi rəng qatıb.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda “Bilik Günü” münasibətilə müəllim və şagirdlər təbrik olunub, yeni tədris ilində bütün təhsil iştirakçılarına uğurlar arzulanıb. İlk dəfə məktəbə qədəm qoyan birincilərə isə məktəb həyatının yaddaqalan və uğurlu başlanğıc olması, bilik və bacarıqlarını artıraraq gələcəkdə ölkəmizin inkişafına töhfə verən vətəndaşlar kimi yetişmələri dilənib.
Çıxışlarda vurğulanıb ki, məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı məkan deyil, eyni zamanda uşaqların şəxsiyyət kimi yetişdiyi, onların dünyagörüşünün və həyata baxışlarının formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan müəllim, valideyn və şagird əməkdaşlığının gücləndirilməsi, hər bir şagird üçün sağlam və əlverişli təhsil mühitinin yaradılması əsas prioritetlərdəndir.
Bildirilib ki, ümumi təhsil müəssisələrində yeni tədris ilinin ilk dərsləri “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunub. İlk dərslərdə şagirdlərə şəhərsalmanın və memarlığın cəmiyyətin inkişafındakı rolu, müasir şəhər mühitinin formalaşdırılması, milli memarlıq irsinin qorunması və gələcək nəsillərə çatdırılması barədə məlumatlar verilib. Tədbirlər çərçivəsində iştirakçılar ilk dərs prosesini də izləyiblər.
Yeni tədris ili Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üçün də mühüm göstəricilərlə başlayır. Belə ki, 2026-2027-ci tədris ilində idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində ümumilikdə 69 510 nəfər şagirdin təhsil alması gözlənilir. Onlardan 5799 nəfəri I sinif, 7146 nəfəri IX sinif, 5330 nəfəri isə XI sinif şagirdləridir.
---
Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində 15 sentyabr – “Bilik Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı birinci müavini Həsən Həsənov, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Çıxış edən qonaqlar şagirdləri salamlayaraq 15 sentyabr – “Bilik Günü”nün ölkəmizin bütün təhsil ocaqlarında böyük təntənə və yüksək əhval-ruhiyyə ilə qeyd olunduğunu bildiriblər. Qeyd olunub ki, yeni tədris ilinin başlanması hər bir şagird üçün yeni biliklərə, yeni hədəflərə və yeni uğurlara aparan yolun başlanğıcıdır.
Çıxışlarda məktəbin Azərbaycan təhsilində özünəməxsus ənənələri və əldə etdiyi nailiyyətlərə diqqət çəkilib, şagirdlərin keyfiyyətli təhsil alması, onların hərtərəfli şəxsiyyət kimi formalaşması və gələcəkdə ölkəmizin inkişafına layiqli töhfə verməsi istiqamətində müəllimlərin üzərinə mühüm və məsuliyyətli vəzifələrin düşdüyü vurğulanıb.
Tədbirdə şagirdlərə və pedaqoji kollektivə “Bilik Günü” münasibətilə təbriklər çatdırılıb, yeni tədris ilində onlara möhkəm cansağlığı, yüksək nəticələr və uğurlar arzulanıb.