29.10.2026

Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Saatlıda növbəti görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, mövcud vəziyyətin təhlili və qarşıda duran hədəflərin müzakirəsi məqsədilə keçirilən görüşlər davam edir. Növbəti görüş Saatlı rayonunun təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunub.

 

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova və rayonun təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

 

Görüş çərçivəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 2026–2027-ci tədris ili üçün təsdiq edilmiş keyfiyyət fəaliyyət planının icra vəziyyəti ətraflı müzakirə olunub. Təhsil müəssisələrində tədrisin keyfiyyətinə təsir göstərən amillər, mövcud nəticələr və qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün həyata keçirilməli olan tədbirlər diqqət mərkəzində saxlanılıb.

 

Müzakirələr zamanı tədrisin keyfiyyətinin yüksəldilməsinin yalnız akademik nəticələrin yaxşılaşdırılması ilə məhdudlaşmadığı, eyni zamanda şagirdlərin bilik və bacarıqlarının inkişafı, onların təlimə marağının artırılması və hər bir şagirdin fərdi potensialının üzə çıxarılması ilə sıx bağlı olduğu vurğulanıb.

 

Bu istiqamətdə müasir təlim metodlarının tətbiqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, təlim prosesində şagirdyönümlü yanaşmanın gücləndirilməsi və təhsilalanların fərdi bacarıqlarının inkişaf etdirilməsi əsas prioritetlər kimi qeyd olunub. Bildirilib ki, tədrisin keyfiyyətinin davamlı yüksəldilməsi üçün müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, təlim prosesinin mütəmadi təhlili və əldə olunan nəticələr əsasında məqsədyönlü tədbirlərin həyata keçirilməsi vacibdir.

 

Görüşdə 4-cü, 6-cı və 9-cu siniflər üzrə son üç ilin nəticələri də təhlil edilib. Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi zamanı əldə olunan göstəricilər, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və əlavə diqqət tələb edən sahələr nəzərdən keçirilib.

 

Mövcud nəticələrin təhlili əsasında təhsil müəssisələrinin qarşısında duran vəzifələr, təlim prosesində müşahidə olunan çətinliklərin aradan qaldırılması və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili çıxışında tədrisin keyfiyyətinin yüksəldilməsinin sistemli və ardıcıl fəaliyyət tələb etdiyini vurğulayıb. O, təhsil müəssisələrinin rəhbərlərinin bu prosesdə məsuliyyətini, müəllimlərin fəaliyyətinin dəstəklənməsinin və şagird nailiyyətlərinin mütəmadi izlənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

 

Qeyd olunub ki, təhsil müəssisələrində keyfiyyətə əsaslanan idarəetmənin gücləndirilməsi, mövcud nəticələrin obyektiv təhlili və müəyyən edilmiş hədəflər üzrə fəaliyyətin təşkili tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.

 

Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib. Təhsil müəssisələrinin rəhbərləri mövcud vəziyyət, qarşılaşdıqları çətinliklər və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.


Açar sözlər: ,  ,  ,