Beyləqan rayonunda şagirdlərin inkişafı və təhlükəsizliyinin təmin olunması, valideyn məsuliyyətinin artırılması və məktəb-ailə əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə “Müasir məktəb mühitində şagirdin inkişaf və təhlükəsizliyi: valideyn məsuliyyəti, məktəb-ailə əməkdaşlığı və qarşılıqlı əlaqə” mövzusunda konfrans keçirilib.
Konfransda Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov və valideynlər iştirak ediblər.
Tədbirdə müzakirələr zamanı uşaqların məktəb həyatına uyğunlaşması, ailə daxilində sağlam ünsiyyətin qurulması və valideynlərin təhsil prosesində daha fəal iştirakının əhəmiyyəti diqqət mərkəzində saxlanılıb. Qeyd olunub ki, məktəb yalnız biliklərin mənimsədildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial bacarıqlar qazandığı, özünü ifadə etməyi və ətrafındakı insanlarla münasibət qurmağı öyrəndiyi mühüm mühitdir.
Konfransda Cavid Məmmədli “Məktəbin ilk günlərində övladınızın ən böyük dəstəkçisi necə ola bilərsiniz?”, “Problem gələndə yox, imkan yarananda da yanında olun”, “Təhlükəsiz məktəb mühiti üçün üçtərəfli qalxan necə qurulur?” və “Səssiz qalmış bir narahatlığı davranışlardan necə oxumaq olar?” mövzuları ətrafında fikirlərini bölüşüb.
O, çıxış zamanı vurğulayıb ki, uşağın məktəb həyatının ilk günlərindən etibarən valideyn dəstəyi onun özünəinamının formalaşmasında və yeni mühitə uyğunlaşmasında mühüm rol oynayır. Övladın yaşadığı hissləri anlamaq, onu diqqətlə dinləmək, məktəbdəki təəssüratları ilə maraqlanmaq və ehtiyac duyduğu anda yanında olmaq uşağın təhsil həyatına daha inamlı başlamasına kömək edir.
Valideyn dəstəyinin yalnız çətinliklər yarandıqda göstərilməsinin kifayət etmədiyi də diqqətə çatdırılıb. Bildirilib ki, uşaqların gündəlik həyatında, uğurlarında, maraq dairəsində və şəxsi inkişafında valideynlərin iştirakı onların özlərini daha dəyərli hiss etməsinə şərait yaradır. Övladın fikirlərinə hörmətlə yanaşmaq, təşəbbüslərini dəstəkləmək və onunla səmimi ünsiyyət qurmaq sağlam münasibətlərin əsasını təşkil edir. Məktəbdə hər bir şagirdin özünü güvəndə hiss etməsi, fikirlərini sərbəst ifadə edə bilməsi, müəllim və valideynlərindən dəstək alması üçün sağlam ünsiyyət mühitinin yaradılması vacibdir.
Bildirilib ki, bəzən şagirdlər yaşadıqları narahatlıqları sözlə ifadə etməkdə çətinlik çəkir, hisslərini davranışları ilə büruzə verirlər. Belə hallarda valideynlərin və müəllimlərin diqqətli olması, uşaqları mühakimə etmədən dinləməsi, onların ehtiyaclarını anlamağa çalışması və vaxtında dəstək göstərməsi mühüm əhəmiyyət kəsb edir.
Müzakirələr valideynlərin fikir və təkliflərinin dinlənilməsi, onları maraqlandıran məsələlərin müzakirəsi və qarşılıqlı təcrübə mübadiləsi ilə davam edib.
Konfransın əsas mesajı bir daha diqqətə çatdırılıb ki, şagirdin uğurlu inkişafı və təhlükəsizliyi məktəb və ailənin ortaq məsuliyyətidir. Uşağın yanında olmaq, onu dinləmək, anlamaq və dəstəkləmək isə bu əməkdaşlığın ən vacib təməlidir.