10.09.2026

Beyləqan və İmişli rayonlarında 2-ci, 5-ci və 6-cı sinif rəhbərlərinin iştirakı ilə mülki müdafiə sahəsində maarifləndirici metodik toplantı keçirilib

Mülki müdafiə tədbirləri planına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Mil-Muğan Regional Mərkəzi və Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən toplantının əsas məqsədi təhsil işçilərinin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, şagirdlərin təhlükəsizlik qaydaları barədə maarifləndirilməsi və onların fövqəladə hallar zamanı düzgün davranış bacarıqlarının formalaşdırılmasına dəstək göstərmək olub.

 

Toplantı zamanı iştirakçılara “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanunu və qanunun tələbləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, mülki müdafiənin əsas məqsədi dinc və müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin olunması, fövqəladə halların qarşısının alınması və belə halların nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsidir.

 

Çıxışlarda xüsusilə şagirdlərin fövqəladə hallara hazırlığının artırılmasının, onların belə vəziyyətlərdə təşvişə düşmədən düzgün qərar qəbul etməsi və təhlükəsizlik qaydalarına əməl etməsi üçün lazımi bilik və bacarıqlara yiyələnməsinin vacibliyi vurğulanıb.

 

İştirakçılara fərdi mühafizə vasitələrindən düzgün istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, təxliyə planlarının hazırlanması və tətbiqi, ilkin tibbi yardımın göstərilməsi, həmçinin mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verilib.

 

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.


Açar sözlər: ,  ,  ,