22.04.2023

Təbiətə düzgün münasibətin formalaşmasında ekoloji təhsilin rolu

Dünyamızı dəyişmək üçün ən güclü və təsirli vasitə təhsildir. Təhsil vasitəsilə planetimizi daha təmiz və sağlıqlı edə, dayanıqlı inkişafa nail ola və Yer əmanətini gələcək nəsillərə ötürə bilərik. Şagirdlərimizdə ətraf mühitə qarşı şüurlu münasibət formalaşdırmaq milli kurikulumun və dövlətimizin təhsil siyasətinin prioritet məsələlərindəndir. Ekoloji problemlər elə ciddidir ki, hər bir cəmiyyət üzvünün məsuliyyətli davranmasını tələb edir.

Ekoloji problemlərə düzgün yanaşma cəmiyyətimizin köklü maariflənməsini tələb edir. Davamlı gələcək naminə hamımız birləşərək bu problemlərin aradan qaldırılmasına yardım etməliyik. Bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsinə böyük diqqət yetirilir. Respublikamızda bir çox normativ sənədlər, dövlət proqramları hazırlanmış və genişmiqyaslı tədbirlər görülməkdədir. Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanın təbiətinin qorunmasına yönələn çoxsaylı layihələr həyata keçirilmişdir. Ölkəmiz iqtisadi cəhətdən inkişaf etdikcə ekoloji problemlərin həllinə diqqət daha da artır. Azərbaycan beynəlxalq aləmə inteqrasiya edir, ətraf mühitin qorunması üzrə konvensiyalara qoşulur və üzərinə öhdəliklər götürür. İDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ildə Qafqazın biomüxtəlifliyi üzrə beynəlxalq sammit keçirilmiş və bu regionda Qafqaz leopardlarının qorunması məsələsini gündəmə gətirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə biomüxtəlifliyin qorunmasına yönələn “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və təbii areallarının yenidən bərpası” layihəsi həyata keçirilmişdir. Dövlətimiz Xəzər dənizinin çirklənməsinin aradan qaldırılması istiqamətində də mühüm addımlar atmaqdadır. Ölkəmizin ərazisində yüzlərlə hektar yaşıllıq sahəsi salınmış, damcı suvarma sistemləri yaradılmış, tullantıların idarə edilməsi sahəsində mühüm işlər görülmüşdür. Neftlə çirklənmiş torpaqların təmizlənməsi və deqradasiyasının qarşısının alınması istiqamətində mühüm addımlar atılmışdır.

 

Həyati əhəmiyyət daşıyan bu tədbirlərdə cəmiyyətimizin ümumi işə dəstək verməsi çox zəruridir. Gənclərin bu sahədə məqsədəuyğun maarifləndirilməsi işi təbii olaraq təhsilimizin və təhsilverənlərimizin üzərinə düşür. Ətraf mühit təhsili anlayışı Birləşmiş Millətlər Təşkilatının 1972-ci ildə keçirilmiş konfransından qaynaqlanmışdır. Bu konfrans zamanı üzv ölkələr qlobal ekoloji problemlər ətrafında fikir mübadiləsi aparmışlar. Qəbul edilmiş BMT sənədinə görə, Ətraf mühit təhsilinin aşağıdakı məqsədləri müəyyən edilmişdir:

* Ətraf mühit barədə məlumatlılıq.

* Ətraf mühit problemlərində insan faktoru.

* Ətraf mühit problemlərinə düzgün münasibət.

* Ətraf mühit problemlərinə qarşı dayanma bacarıqları.

* Ətraf mühit problemlərinin həllində iştirak.

 

Bizi əhatə edən təbiətə düzgün münasibətin formalaşmasında ekoloji təhsilin rolu əvəzsizdir və gənclərimizdə ekoloji şüurun formalaşdırılması 21-ci əsrin vacib tələbidir. Çevrəmizə şüurlu münasibət formalaşdırmalı və üzləşdiyimiz problemlərin ciddiliyini şagirdlərimizə anlatmalıyıq. Dünya praktikasında təklif edilən həll variantları ilə onları tanış etməli, özlərinin də kreativ həll yolları irəli sürmələrinə istiqamət verməliyik və bununla da biz dövlətimizin təhsil siyasətinin mühüm komponentini həyata keçirmiş olarıq. Ətraf mühitə düzgün münasibət formalaşdırılması ümumilikdə təhsilimizin ana xəttini təşkil edir və o, hər hansı bir fənn çərçivəsinə sığışmayıb inteqrativ yanaşma tələb edir.

Ətraf mühitin qlobal problemləri mövzusunu tədris edərkən Məzmun Əsaslı Təlimdən yararlanıram. Bu təlim üsulunda xarici dil vahidləri mənalı məzmun fonunda mənimsənilir. Məzmunun maraqlı olması şagirdlərin motivasiyasını yüksəldir, onlar aldıqları məlumatı bir-birlərilə mübadilə edir, qəbul etdikləri informasiyanın mahiyyətinə vararaq linqvistik materialı daha asanlıqla və hiss olunmadan mənimsəyirlər və beləliklə, onlar ənənəvi əzbərçilikdən aralanırlar. Onlar ekoloji məfhumları adlandırır, onların xüsusiyyətlərini sadalayır, fikir yürütməyə can ataraq hədəf dildə cümlələr qururlar. Təbiətin mühafizəsi üçün təkliflər irəli sürür və hərəkət planları hazırlayırlar. Onlarda tənqidi düşünmə və problem həlletmə bacarıqları formalaşır. Məzmun əsaslı təlim şagirdlərin bilik və elmi mühakimə bacarıqlarını artırır, ümumilikdə onların dünyagörüşlərinin formalaşmasına yol açır. Ekoloji problemlərdən bəhs edən qəzet və jurnal məqalələri, internet resursları, videomateriallar, hekayələr, mahnılar dil müəlliminin köməyinə gələn vasitələrdir.

 

Şagirdlər onlara təqdim olunan məlumatı araşdırarkən onlarda tənqidi düşüncə və problem həlletmə bacarıqları formalaşır. Şagirdlərimizin qarşısına belə suallar qoya bilərik:

* Ozon təbəqəsinin zəifləməsi nə ilə nəticələnə bilər?

* Antarktika buzlaqlarının əriməsi nəyə aparıb çıxarar?

* Qlobal istiləşmənin səbəbləri nələrdir?

* Tükənən və tükənməyən enerji mənbələri hansılardır?

* Azaltma, Təkrar istifadə və Təkrar istehsal nə deməkdir?

* Biomüxtəlifliyi hansı tədbirlərlə qoruya bilərik?

* Ətraf mühitə dost nəqliyyat vasitələri hansılardır?

* Məktəb icmamızın ətraf mühitə dost olmasını necə təmin edə bilərik?

 

Şagirdlərinizin bəzən sinif otaqlarını tərk edərək təbiətə çıxmaları, meşə gəzintisi, ekskursiyalar, təbiət və mühit araşdırması ilə məşğul olmaları çox vacib şərtdir. Təbiətlə canlı təmas zamanı şagirdlər bilik və bacarıqlarını artırmaq üçün lazımi şərait əldə edirlər və planetimizin gələcəyi üçün məsuliyyət hissi formalaşdırırlar. Təbiət zəngin bilik və təcrübə mənbəyi kimi istifadə edilir. Bundan başqa şagirdlər məktəbyanı ərazilərin plastik tullantılardan təmizlənməsi işinə, yaşıllaşdırma aksiyasına və s. cəlb oluna bilərlər. Ətraf mühitin qorunması barədə yazı müsabiqəsi, əl işləri nümayişi və s. şagirdlərimizdə ekoloji məsuliyyət hissinin formalaşdırılmasına xidmət edə bilər. Məktəbə piyada və ya velosipedlə getməyin əhəmiyyəti, kağız istifadəsini azaltmaq, elektrik enerjisinə, suya və digər resurslara qənaət etməyin zəruri olduğu şagirdlərə aşılanmalıdır. Gənc nəsildə qidalanmaya düzgün münasibət yaratmalı və ərzaq israfının yolverilməz olduğu barədə onları maarifləndirməliyik. 22 Aprel Yer Günü və onun əhəmiyyəti barədə onlarla müzakirələr aparmaq məqsədəuyğundur. Şagirdlər öz yaşadıqları ilə yerin hansı vasitələrlə və necə çirklənməsini aşkar etmə barədə layihə tapşırığına cəlb oluna bilərlər. “Təmiz Təbiət” adlı rəsm müsabiqəsində iştirak edə bilərlər. Cəmiyyətimizin hər bir üzvü təbiətdə qoyduğu karbon izini kiçiltməyə çalışmalıdır.

Ətraf mühit təhsili inteqrativ xarakter daşıyıb coğrafiya, kimya, həyat bilgisi, ana dili, xarici dillər, biologiya və s. kimi fənlərin tədrisinə inteqrasiya edilə bilər.

 

Bu dəfə biz də Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbdə təmiz ətraf mühit mövzusunu tədris edərkən ingilis dili fənni ilə coğrafiya fənni arasında körpü qurmağa çalışdıq və məktəbimizin coğrafiya müəllimi Milyanə Vələdova ilə dərslərə birgə girdik. Çalışdıq ki, şagirdlər ətraflı məlumatlansınlar və problemlərə kreativ yanaşsınlar. Ətraf mühit lüğətini ingilis dilində təqdim etdik, izahat və interpretasiyalarda həm ana dili, həm də ingilis dilindən istifadə etdik. Birlikdə məktəb bağımızın, ətraf ərazilərin plastik tullantılardan təmizlənməsi tədbirini həyata keçirdik. “Təmiz Yer planeti” mövzusunda yazı müsabiqəsi təşkil etdik. Çevrəmizin hansı tullantılarla çirkləndiyini müəyyən etmək üçün mühit araşdırması təşkil etdik. Mühit araşdırması zamanı Milyanə müəllim şagirdlərə elmi izahatlar verərək onların elmi dünyagörüşlərinin formalaşmasına dəstək oldu. Şagirdlərimiz “Yaşıl Plan” tərtib edərək öz çevrələrinə qarşı necə davranacaqlarına qərar verdilər. Ümumilikdə şagirdlər dərslərdən həqiqi zövq aldılar və motivasiya nümayiş etdirdilər. Çevrəmizdən zəngin öyrətmə vasitəsi kimi istifadə etdik.

İngilis dilinin qlobal dil olması danılmaz bir faktdır və bu dil təlimi vasitəsilə Yer planetimizin problemlərini ortaya gətirə və bütün dil öyrənənləri vahid və müqəddəs məqsəd ətrafında birləşdirə bilərik.

 

Ellada MİRZAYEVA,

Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi.


Açar sözlər: ,