2025–2026-cı tədris ili üzrə keçirilən “BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqədə fərqlənən şagird və məktəblər arasında İmişli və Beyləqan rayonlarının təhsil müəssisələri də yer alıb.
Belə ki, İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 4-cü sinif şagirdləri Rzazadə Hüseyn Orxan oğlu və Bayramlı Aylin Elnur qızı müsabiqənin 2025–2026-cı tədris ili üzrə nəticələrinə əsasən II yerə layiq görülərək qaliblər sırasında yer alıblar.
Müsabiqədə məktəblərin fəallığı da xüsusi qiymətləndirilib. Beyləqan rayonu Dünyamalılar kəndi Əlibala Şirinov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi “Ən fəal iştirakçı” nominasiyası üzrə respublika üzrə seçilən 10 məktəbdən biri olub. Məktəbin müsabiqə üzrə koordinatoru, informatika müəllimi Mürsəlzadə Elnur Kərəm oğlunun təşkilatçılığı və koordinasiyası nəticəsində məktəb müsabiqədə yüksək fəallıq nümayiş etdirərək bu uğura imza atıb.
Bu münasibətlə müsabiqədə fərqlənən şagirdləri, onların valideynlərini, müəllimlərini, eləcə də məktəb kollektivlərini səmimi qəlbdən təbrik edir, gələcək təhsil həyatlarında onlara yeni uğurlar arzulayırıq.
Qeyd edək ki, “BilBacar” müsabiqəsinə 2025-ci ilin noyabr ayında start verilib. Müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərinin oxu savadlılığının artırılması, onların mətni anlama, təhlil etmə və nəticə çıxarma bacarıqlarının inkişaf etdirilməsi, mütaliəyə marağın təşviq olunması, həmçinin şagirdlərin kompüter əsaslı qiymətləndirmə mühitində praktiki təcrübə qazanmalarının təmin edilməsidir.