Vətən Müharibəsi şəhidi Xalid Nəciyevin əziz xatirəsinə həsr olunmuş müəllimlər və şagirdlər arasında regional mini-futbol turniri Saatlı şəhərində keçirilib.
Turnirin final mərasimində Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, şəhidin atası Qabil Nəciyev, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil sektorlarının əməkdaşları, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Rabil Şahbazov Vətən Müharibəsi şəhidi Xalid Nəciyevin keçdiyi şərəfli həyat və döyüş yolundan bəhs edərək onun göstərdiyi igidliyin bugünkü gənclər üçün örnək olduğunu vurğulayıb. O, Qabil Nəciyevə Vətənə layiqli övlad bəxş etdiyinə görə minnətdarlığını ifadə edib, şəhid ailəsinə Allahdan səbir diləyib.
Qeyd olunub ki, turnirin əsas məqsədi Vətən Müharibəsində canlarını Azərbaycan torpaqlarının azadlığı uğrunda fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, məktəblilər arasında vətənpərvərlik ruhunu gücləndirmək, sağlam həyat tərzini təşviq etmək, eyni zamanda regional təhsil sektorları arasında əməkdaşlıq və dostluq münasibətlərini daha da möhkəmləndirməkdir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qaliblər müəyyənləşib.
V sinif oğlanlar arasında
I yer – İmişli şəhər Şahin Məmmədov adına 3 nömrəli tam orta məktəbin komandası;
II yer – Saatlı şəhər Valeri Əsgərov adına 4 nömrəli tam orta məktəbin komandası;
III yer – Sabirabad rayonu Niyaz İsmayılov adına Əlicanlı kənd tam orta məktəbin komandası.
VI sinif oğlanlar arasında
I yer – Saatlı rayonu İkram Ağayev adına Nabatkənd kənd tam orta məktəbin komandası;
II yer – Beyləqan rayonunun komandası;
III yer – Sabirabad rayonu Şəfi Babayev adına Surra kənd tam orta məktəbin komandası.
Müəllimlər arasında
I yer – Saatlı rayonu Nəsimikənd kənd tam orta məktəbin komandası;
II yer – Mil-Muğan Regional Təhsil İdarəsinin komandası;
III yer – İmişli rayonu Bəhrəmtəpə kənd tam orta məktəbin komandası.
Sonda qalib komandalar diplom və kuboklarla təltif olunub, turnirin keçirilməsinə dəstək göstərən şəxslərə təşəkkür edilib.